.


:




:

































 

 

 

 


MÜRTƏCE SOSİALİZM




 

a) Feodal sosializmi

 

Fransız və ingilis aristokratiyası öz tarixi vəziyyətinə görə, müasir burjua cəmiyyəti əleyhinə həcvlər yazmalı olmuşdur. Fransada 1830-cu il iyul inqilabında və İngiltərədə parlament islahatı uğrundakı hərəkatda mənfur bir törəmə bu aristokratiyanı bir daha məğlub etdi. Ciddi siyasi mübarizə barəsində daha danışıq da ola bilməzdi. Aristokratiyaya ancaq ədəbi mübarizə qalırdı. Lakin ədəbiyyat sahəsindədə Restavrasiya[15] dövründəki köhnə ibarələr artıq mumkün deyildi. Aristokratiya rəğbət qazanmaq üçün özünü elə göstərməli idi ki, guya o daha öz mənafeyinin fikrinə qalmır və ancaq istismar olunan fəhlə sinfinin mənafeyini nəzərə alıb burjuaziyaya qarşı öz ittihamnaməsini tərtib edir. Aristokratiya özünün yeni hökmdarına həcvlər yazmaqdan və onun qulağına gələcək haqqında az-çox pis xəbərlər pıçıldamaqdan həzz alırdı.

 

Beləliklə, yarı dəfn nəğməsi yarı həcv, yarı keçmişin sədası yarı gələcəyin hədəsi olan bir feodal sosializmi əmələ gəldi ki, bu da çox zaman öz acı, kəskin, zəhərli hökmü ilə burjuaziyanın bağrını yarır, lakin müasir tarixin gedişini anlamaqda tam acizliyi ilə həmişə gülünc təsir bağışlayırdı.

 

Aristokratiya xalqı öz dalınca aparmaq üçün proletariatın dilənçi torbasını əldə bayraq etmişdi. Lakin hər dəfə xalq aristokratiyanın dalınca getdikdə, onun yançağında köhnə feodal gerblərini görür, ucadan və ehtiramsızlıqla qəhqəhə çəkərək qaçıb dağılırdı.

 

Fransa legitimistlərinin bir hissəsi və Gənc İngiltərə[16] belə bir komediya oynamaqla məşğul olurdu.

 

Əgər feodallar öz istismar üsullarınnn burjua istismarından fərqli olduğunu sübut edirlərsə, ancaq bunu unudurlar ki, onlar indi artıq keçib getmiş olan tamamilə başqa bir vəziyyət və şəraitdə istismar edirdilər. Əgər onlar öz hökmranlıqları zamanı müasir proletariatın olmadığını göstərirlərsə, bunu unudurlar ki, məhz muasir burjuaziya onların ictimai quruluşunun zəruri məhsulu idi.

 

Bir də, onlar öz tənqidlərinin mürtəce xarakterini çox az gizlətdiklərinə görə, onların burjuaziyaya qarşı başlıca ittihamı məhz bundan ibarət olur: burjuaziyanın hökmranlığı dövründə elə bir sinif inkişaf edir ki, bu sinif butün köhnə ictimai quruluşu dağıdıb havaya sovuracaqdır.

 

Onlar burjuaziyanı ümumiyyətlə proletariat doğurmaqdan daha çox, inqilabçı proletariat doğurmaqda töhmətləndirirlər.

 

Buna görə də onlar siyasi praktikada fəhlə sinfinə qarşı bütün zorakı tədbirlərdə iştirak edirlər, adi həyatda isə, bütun dəbdəbəli ibarələrinin əksinə olaraq, qızıl almaları[17] yığışdırmaq, sədaqət, məhəbbət və namusu qoyun yunu, çuğundur və araq alverindən gələn qazanca dəyişmək fürsətini əldən qaçırmırlar[18].

 

Keşiş həmişə feodalla əl-ələ verdiyi kimi, keşiş sosializmi də feodal sosializmi ilə əl-ələ vermişdir.

 

Xristian asketizminə sosializm rəngi verməkdən asan bir şey yoxdur. Məgər xristianlıq da xüsusi mülkiyyət əleyhinə, nigah əleyhinə, dövlət əleyhinə çıxmırdımı? Məgər o bunların əvəzinə xeyriyyəçiliyi və yoxsulluğu, nikahsızlığı və nəfsi öldürməyi, monastır həyatını və kilsəni təbliğ etmirdimi? Xristian sosializmi ancaq elə bir müqəddəs sudur ki, aristokratın qəzəbi tutanda keşiş bu suyu onun üzünə çiləyir.

 

b) Xırda burjua sosializmi

 

Feodal aristokratiyası burjuaziya tərəfindən devrilən və muasir burjua cəmiyyətində həyat şəraiti pisləşib aradan qalxan yeganə sinif deyildir. Orta əsrlərdəki şəhərlilər silki və xırda kəndlilər silki müasir burjuaziyanın sələfi olmuşdur. Sənaye və ticarət cəhətdən daha az inkişaf etmiş ölkələrdə bu sinif inkişaf etməkdə olan burjuaziya ilə yanaşı olaraq hələ indiyə qədər sürünməkdədir.

 

Müasir mədəniyyətin inkişaf etdiyi ölkələrdə proletariatla burjuaziya arasında tərəddüd edən yeni xırda burjuaziya əmələ gəlmiş və burjua cəmiyyətinin əlavə bir hissəsi olaraq daim yenidən əmələ gəlməkdədir. Lakin rəqabət bu sinfə mənsub olan şəxsləri daim proletariat sıralarına atır və onlar artıq elə bir zamanın yaxınlaşdığını görməyə başlayırlar ki, bu zaman iri sənaye inkişaf etdikdə, həmin şəxslər müasir cəmiyyətin müstəqil bir hissəsi olaraq tamamilə yox olacaq və ticarətdə, sənayedə, əkinçilikdə nəzarətçilər və muzdlu qulluqçularla əvəz ediləcəklər.

 

Bütün əhalinin yarıdan xeyli çoxunun kəndlilərdən ibarət olduğu Fransa kimi ölkələrdə burjuaziyaya qarşı proletariata tərəfdar çıxan və burjua quruluşunu tənqid edərkən xırda burjua və xırda kəndli meyarına əl atıb, fəhlələrin işini xırda burjua nöqteyi-nəzərindən müdafiə edən yazıçıların meydana gəlməsi təbii idi. Xırda burjua sosializmi belə meydana gəlmişdir. Sismondi təkcə Fransada deyil, İngiltərədə də belə bir ədəbiyyatın başında durur.

 

Bu sosializm müasir istehsal münasibətlərindəki ziddiyyətləri çox yaxşı görə bilirdi. O, iqtisadçıların riyakar məddahlığını ifşa etmişdi. O, maşınlı istehsalın və əmək bölgüsünün dağıdıcı təsirini, kapitalların və torpaq sahibliyinin təmərküzləşdiyini, ifrat istehsalı, böhranları, xırda burjuaların və kəndlilərin labüddən məhv olacağını, proletariatın yoxsulluğunu, istehsal hərc-mərcliyini, sərvət bölgüsündə biabırçı bərabərsizlik olduğunu, millətlər arasında dağıdıcı sənaye müharibəsi getdiyini, köhnə mənəviyyatın, köhnə ailə münasibətlərinin və köhnə milliyyətlərin pozulub dağıldığını qəti sübut etdi.

 

Lakin bu sosializm öz müsbət məzmunu cəhətdən buna çalışır ki, ya köhnə istehsal və mübadilə vasitələrini, bununla birlikdə isə mülkiyyət münasibətlərini və köhnə cəmiyyəti bərpa etsin, ya da müasir istehsal və mübadilə vasitələrini yenidən zorla köhnə mülkiyyət münasibətləri çərçivəsinə salsın, halbuki həmin münasibətləri müasir istehsal və mübadilə vasitələri artıq dağıtmışdır və mütləq dağıtmalı idi. Hər iki halda bu sosializm eyni zamanda həm mürtəce, həm də utopikdir.

 

Bu sosializmin ən yüksək məqsədi sex halında qurulmuş sənaye və patriarxal kənd təsərrüfatıdır.

 

Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir[19].

 

c) Alman sosializmi, yaxud həqiqi sosializm

 

Hökmran burjuaziyanın zülmü altında meydana gələn və bu hökmranlığa qarşı mübarizənin ədəbi ifadəsi olan Fraisa sosialist və kommunist ədəbiyyatı Almaniyaya elə bir zamanda keçirilmişdi ki, bu zaman Almaniyada burjuaziya feodal mütləqiyyətinə qarşı öz mübarizəsini yenicə başlamışdı.

 

Alman filosofları, yarımfilosofları və gözəl ibarə həvəskarları ehtirasla bu ədəbiyyatdan yapışmışdılar, ancaq unutmuşdular ki, bu əsərlər Fransadan Almaniyaya keçirilirkən, eyni zamanda Fransadakı həyat şəraiti oraya keçirilməmişdi. Almaniya şəraitində fransız ədəbiyyatı özünün bütün bilavasitə əməli əhəmiyyətini itirdi va xalis bir ədəbi cərəyan şəkli aldı. Bu ədəbiyyat insan mahiyyətinin həyata keçirilməsi haqqında mənasız əllaməlik xarakteri almalı idi. Məsələn, birinci Fransa inqilabının tələbləri XVIII əsr alman filosofları üçün yalnız ümumiyyətlə əməli zəkanın tələbləri olaraq bir əhəmiyyətə malik idi, inqilabçı fransız burjuaziyası iradəsinin təzahürləri isə onların nəzərində xalis iradə qanunları, əslində iradə necə olmalıdırsa, belə bir iradənin, həqiqi insan iradəsinin qanunları əhəmiyyətinə malik idi.

 

Alman ədəbiyyatçılarının gördüyü bütün iş ancaq ondan ibarət idi ki, yeni fransız ideyalarını öz köhnə fəlsəfi vicdanları ilə barışdırsınlar, yaxud daha doğrusu, fransız ideyalarını öz fəlsəfi nöqteyi-nəzərlarindən mənimsəsinlər.

 

Ümumiyyətlə başqa bir dil nə yolla mənimsənilirsə, bunu da eyni yolla, tərcümə vasitəsi ilə mənimsədilər.

 

Məlumdur ki, qədim bütpərəstlik zamanlarının klassik əsərlərinin əlyazmalarında monaxlar mətnin üstündən katölik müqəddəslərinin mənasız tərcümeyi-hallarını yazırdılar. Alman ədəbiyyatçıları küfr edən fransız ədəbiyyatı ilə lap əksinə rəftar etdilər. Fransız orijinalı altından onlar özlərinin fəlsəfi cəfəngiyatını yazdılar. Məsələn, pul münasibətlərinin fransız tənqidi altından onlar insan mahiyyətinin özgələşməsi, burjua dövlətinin fransız tənqidi altından Abstrakt-Küllün hökmranlığının ləğv edilməsi və i. a. yazdılar.

 

Onlar fransız nəzəriyyələri altından soxuşdurub yazdıqları öz fəlsəfi cümləpərdazlıqlarına fəaliyyət fəlsəfəsi, həqiqi sooializm, alman sosializm elmi, sosializmin fəlsəfi cəhətdən əsaslaidırılması və i. a. adını verdilər.

 

Beləliklə, fransız sosialist-kommunist ədəbiyyatı tamamilə məzmunsuzlaşdırılmış oldu. Həm də almanların əlində bu ədəbiyyat daha bir sinfin başqa sinfə qarşı mübarizəsini ifadə etmədiyinə görə, almanlar bu əqidədə idilər ki, onlar fransız birtərəfliyindən yüksəyə qalxmışlar, həqiqi tələbat əvəzinə, həqiqətə olan təlabatı müdafiə edirlər, proletariatın mənafeyi əvəzinə isə insan mahiyyətinin mənafeyini, ümumiyyətlə insanın mənafeyini, heç bir sinfə mənsub olmayıb ümumiyyətlə həyatda deyil, fəlsəfə xülyasının dumanlı fəzalarında mövcud olan insanın mənafeyini müdafiə edirlər.

 

Öz aciz şagird məşğələlərini bu qədər ciddi və mühüm bir şey hesab edən və bunları bu qədər gurultu ilə tərifləyən həmin alman sosializmi get-gedə öz pedant məsumluğunu itirdi.

 

Feodallara və mütləq monarxiyaya qarşı alman burjuaziyasının, xüsusən Prussiya burjuaziyasının mubarizəsi bir sözlə, liberal hərəkat get-gedə daha çox ciddiləşirdi.

 

Beləliklə, həqiqi sosializmin arzu etdiyi fürsət ələ duşdü və o da siyasi hərəkata sosialist tələblərini qarşı qoyur, liberalizmə, numayəndəli dövlətə, burjua rəqabətinə, burjua mətbuat azadlığına, burjua hüququna, burjua azadlığına və bərabərliyinə bir ənənə olaraq lənətlər yağdırır və xalq kütləsinə təbliğ edirdi ki, bu burjua hərəkatında xalq kütləsi heç bir şey qazana bilməz, əksinə, hər şeyi itirə bilər. Fransız tənqidinin miskin əks-sədası olan alman sosializmi çox yerində unudurdu ki, fransız tənqidi meydana gələn zaman muasir burjua cəmiyyəti, buna müvafiq maddi həyat şəraiti və müvafiq siyasi konstitusiya var idi, yəni bütün elə müqəddəm şərtlər var idi ki, Almaniyada bunlara nail olmaq haqqında hələ yenicə danışırdılar.

 

Çoxlu keşişləri, məktəb murəbbiləri, ətalətli yunkerləri və bürokratları olan Almaniya mütləqiyyət hökumətləri üçün bu sosializm hədələyici surətdə hücuma keçən burjuaziyaya qarşı vaxtındaca ələ keçən bir uyuq idi.

 

Bu sosializm alman fəhlələrinin üsyanlarını yatırarkən həmin hökumətlərin istifadə etdikləri qamçıların və tüfəng güllələrinin acısına qatılmış bir şərbət idi.

 

Bu yolla həqiqi sosializm hökumətlərin əlində alman burjuaziyasına qarşı bir silah olurdusa, həmçinin bilavasitə mürtəce mənafeyi, alman meşşanlarının mənafeyini də ifadə edirdi. Almaniyada mövcud vəziyyətin gerçək ictimai əsasını XVI əsrdən irs qalan və o zamandan etibarən bu və ya başqa formada daim yenidən meydana çıxan xırda burjuaziya təşkil edir.

 

Xırda burjuaziyanın saxlanması Almaniyada mövcud vəziyyətin saxlanması deməkdir. Burjuaziyanın sənaye və siyasi hökmranlığı üzündən xırda burjuaziya, bir tərəfdən, kapitalın təmərküzləşməsi nəticəsində, digər tərəfdən, inqilabçı proletariatın artıb böyüməsi nəticəsində mütləq məhv olacağını böyük bir dəhşətlə közləyir. Xırda burjuaziyaya elə gəlirdi ki, həqiqi sosializm bir güllə ilə iki ov vurur. Buna görə də həqiqi sosializm yoluxucu bir xəstəlik kimi yayılırdı.

 

Fərziyyə torundan toxunmuş, əlvan bəlağət rəngləri ilə işlənmiş, şit bir heyranlıqdan döğan göz yaşları ilə isladılmış və alman sosialistləri tərəfindən özlərinin bir-iki cılız əbədi həqiqətini pərdələmək üçün istifadə edilən bu mistik örtük sayəsində onların mətahı həmin camaat arasında ancaq rəvac tapırdı.

 

Alman sosializmi özü də get-gedə daha çox başa düşürdü ki, onun vəzifəsi bu meşşanların dəbdəbəli nümayəndəsi olmaqdır.

 

Bu sosializm alman millətini nümunəvi bir millət, alman meşşanını isə insan nümunəsi elan etmişdi. Bu sosializm meşşanın hər bir alçaq hərəkətinə gizli və ülvi bir sosialist mənası verirdi, bu da onu özünun tam əksi olan bir şeyə çevirirdi. Axıra qədər ardıcıl olan bu sosializm kobud dağıdıcı cərəyan adlandırdığı kommunizmin açıqca əleyhinə çıxırdı və bildirmişdi ki, əzəmətli qərəzsizliyə malik olan bu sosializm hər cür sinfi mübarizədən yüksəkdə durur. Almaniyada guya sosialist və kommunist əsərləri adı ilə yayılmış olan hər şey, kiçik bir istisna ilə, həmin çirkin və pozucu ədəbiyyat cümləsindəndir[20].

 

2. MÜHAFİZƏKAR SOSİALİZM YAXUD BURJUA SOSİALİZMİ

 

Burjuaziyanın müəyyən hissəsi burjua cəmiyyətinin varlığını möhkəmlətmək üçün ictimai xəstəlikləri sağaltmaq istəyir.

 

Buraya iqtisadçılar, filantroplar, insanpərvərlik mudafiəçiləri, zəhmətkeş siniflələrin rifahı üçün çalışanlar, xeyriyyəçilik təşkil edənlər, heyvanları himayə cəmiyyətlərinin üzvləri, əyyaşlıqla mübarizə cəmiyyətlərinin baniləri, ən müxtəlif növlərdən olan vecsiz islahatçılar daxildirlər. Bu burjua sosializmi hətta bütöv sistemlər şəklinə salınırdı.

 

Misal olaraq Prudonun Yoxsulluq fəlsəfəsi əsərini göstərək.

 

Burjua-sosialistlər müasir cəmiyyətin həyat şəraitini saxlamaq istəyir, lakin bu şəraitdən labüd olaraq doğan mübarizə və təhlükələri istəmirlər. Onlar müasir cəmiyyəti saxlamaq istəyir, lakin onu inqilabiləşdirən və pozan ünsürləri istəmirlər. Onlar proletariatsız burjuaziya olmasını istərdilər. Burjuaziyanın hökm sürdüyü dünya, əlbəttə, ona ən yaxşı bir dünya kimi görünür. Burjua sosializmi təsəlli verən bu təsəvvürü az-cox bütöv bir sistem şəklinə salır. Burjua sosializmi öz sistemini həyata keçirməyə və yeni Yerusəlimə girməyə proletariatı dəvət etməklə, əslində ancaq bunu tələb edir ki, proletariat indiki cəmiyyətdə qalsın, lakin bu cəmiyyətin mənfur bir şey olması təsəvvürunü bir tərəfə atsın.

 

Bu sosializmin nisbətən az müntəzəm, laknn daha əməli olan başqa bir forması hər cür inqilabi hərəkata qarşı fəhlə sinfində mənfi bir münasibət oyatmağa çalışaraq sübut etmək istəyirdi ki, fəhlə sinfinə bu və ya başqa bir siyasi dəyişiklik deyil, ancaq maddi həyat şəraitinin, iqtisadi münasibətlərin dəyişilməsi faydalı ola bilər. Lakin bu sosializm maddi həyat şəraitini dəyişdirmək dedikdə, yalnız inqilabi yolla məhv edilə bilən burjua istehsal münasibətlərinin heç də məhv edilməsini deyil, həmin istehsal münasibətləri zəminində həyata keçirilən, deməli, kapitalla muzdlu əmək arasındakı münasibətlərdə heç bir şeyi dəyişdirməyən, olsa-olsa, yalnız burjuaziyanın hökmranlığı xərclərini azaldan və onun dövlət təsərrüfatını sadələşdirən inzibati yaxşılaşdırmaları nəzərdə tutur.

 

Burjua sosializmi ancaq sadəcə bir natiq cümləpərdazlığına çevrildiyi zaman özünün ən münasib ifadəsini tapır.

 

Azad ticarət! özü də fəhlə sinfinin xeyrinə; himayə kömrükləri! özü də fəhlə sinfinin xeyrinə; bir adamlıq həbsxanalar! özü də fəhlə sinfinin xeyrinə burjua sosializminin yeganə ciddi söylədiyi son sözü bax budur.

 

Burjuaziyanın sosializmi məhz belə bir müddəadan ibarətdir ki, burjualar burjua-dır, özü də fəhlə sinfinin xeyrinə.

 





:


: 2017-01-28; !; : 276 |


:

:

,
==> ...

1793 - | 1710 -


© 2015-2024 lektsii.org - -

: 0.048 .