.


:




:

































 

 

 

 


TƏNQİDİ-UTOPİK SOSİALİZM VƏ KOMMUNİZM




 

Biz burada yeni dövrun bütün böyük inqilablarında proletariatın tələblərini ifadə edən ədəbiyyatdan (Baböfun əsərləri və i. a.) bəhs etmirik.

 

Ümumi həyəcan zamanı, feodalizm cəmiyyətinin devrildiyi dövrdə proletariatın öz sinfi mənafeyini bilavasitə həyata keçirmək yolundakı ilk təşəbbusləri proletariatın özünun inkişaf etməmiş olması üzündən, habelə onun azadlığa çıxması üçün maddi şəraitin olmaması üzündən labüd surətdə boşa çıxırdı, çünki bu şərait yalnız burjua dövrünun məhsuludur. Proletariatın bu ilk hərəkatları zamanı buraxılan inqilabi ədəbiyyat öz məzmunu cəhətdən labüd surətdə mürtəce ədəbiyyatdır. Bu ədəbiyyat ümumi bir asketizm və qaba bir bərabərçilik təbliğ edir.

 

Əslində sosialist və kommunist sistemləri, Sen-Simonun, Furyenin, Ouenin sistemləri və i. a. proletariatla burjuaziya arasındakı mübarizənin inkişaf etməmiş olduğu ilk dövründə meydana çıxır; bu dövrü yuxarıda təsvir etmişik (bax: Burjuaziya və proletariat).

 

Bu sistemləri ixtira edənlər, doğrudur, siniflərin əksliyini, habelə hakim cəmiyyətin öz daxilində dağıdıcı ünsürlərin təsirini görürlər. Lakin onlar proletariatın özünün heç bir tarixi özfəaliyyətini, ona məxsus heç bir siyasi hərəkatı görmürlər.

 

Sinfi antaqonizm sənayenin inkişafı ilə əlaqədar olaraq inkişaf etdiyinə görə, onlar da eyni ilə proletariatın azad olması üçün lazım gələn maddi şəraiti hələ tapa bilmirlər və bu şəraiti yaradacaq ictimai elm, ictimai qanunlar axtarırlar.

 

İctimai fəaliyyətin yerini onların şəxsi ixtiraçılıq fəaliyyəti, azad olmaq üçün lazım gələn tarixi şəraitin yerini xəyali şərait, proletariatın bir sinif halında tədricən təşkil olunmasının yerini onların uydurduqları resept əsasında cəmiyyətin təşkil edilməsi tutmalı imiş. Onların fikrincə, bütün dünyanın gələcək tarixi onların ictimai planlarını təbliğ etməkdən və əməli surətdə həyata keçirməkdən ibarət olur.

 

Doğrudur, onlar anlayırlar ki, bu planları ilə başlıca olaraq, ən cəfakeş bir sinif olan fəhlə sinfinin mənafeyini müdafiə edirlər. Onların fikrincə, proletariat ancaq belə bir ən cəfakeş sinif kimi mövcuddur.

 

Lakin sinfi mübarizənin inkişaf etməmiş forması, habelə həyatda onların öz vəziyyəti üzündən onlar özlərini bu sinfi antaqonizmdən yüksəkdə hesab edirlər. Onlar cəmiyyətin bütün üzvlərinin, hətta ən yaxşı şəraitdə olanlarının da vəziyyətini yaxşılaşdırmaq istəyirlər. Buna görə də onlar, heç bir fərq qoymadan, daim bütün cəmiyyətə, hətta başlıca olaraq hakim sinfə müraciət edirlər. Onların fikrincə, onların sistemini təkcə başa düşmək kifayətdir ki, bu sistem mümkün olan cəmiyyətlərdən ən yaxşısı haqqında düzəldilmiş ən yaxşı bir plan hesab edilsin.

 

Buna görə də onlar hər cür siyasi fəaliyyəti, xüsusilə hər cür inqilabi fəaliyyəti rədd edirlər; onlar öz məqsədlərinə dinc yolla çatmaq istəyirlər, xırda və əlbəttə, baş tutmayan təcrübələr vasitəsi ilə, nümunə göstərməklə yeni ictimai ehkama yol açmağa çalışırlar.

 

Gələcək cəmiyyətin bu xəyali təsviri proletariatın hələ çox az inkişaf etmiş olduğu və buna görə də öz vəziyyətini hələ xəyali bir şəkildə təsəvvür etdiyi zaman meydana gəlir, bu xəyali təsvir proletariatın bütün cəmiyyəti dəyişdirmək üçün böyük bir duyğu olan ilk coşqunluğundan irəli gəlir.

 

Lakin bu sosialist və kommunist əsərlərində tənqidi ünsürlər də vardır. Bu əsərlər mövcud cəmiyyətin bütün əsasları üzərinə hücum edir. Buna görə də həmin əsərlərdə fəhlələrin maariflənməsi üçün son dərəcə qiymətli material verilmişdir. Gələcək cəmiyyət haqqında onların çıxardıqları müsbət nəticələr, məsələn, şəhərlə kənd arasındakı əksliyin məhv edilməsi[21], ailənin, xüsusi varlanmanın, muzdlu əməyin məhv edilməsi, ictimai ahənkdarlıq elan edilməsi, dövlətin sadəcə istehsalı idarə etməyə çevrilməsi, bütün bu müddəalar yalnız sinfi əksliyin aradan qaldırılması zərurətini ifadə edir, həmin əkslik isə o zaman yenicə inkişaf etməyə başlamışdı və onlara hələ müəyyən bir şəkil almamış ancaq ilkin halında məlum idi. Buna görə də həmin müddəalar da hələ tamamilə utopik xarakter daşıyır.

 

Tənqidi-utopik sosializmin və kommunizmin əhəmiyyəti tarixi inkişafa əks nisbətdədir. Siniflər mübarizəsi inkişaf edib get-gedə daha muəyyən formalar aldıqca, həmin mübarizədən yüksəklərə qalxmaq üçün göstərilən bu xəyali səy, həmin mübarizənin bu xəyali yolla aradan qaldırılması bütün əməli mənasını və bütün nəzəri qiymətini itirir. Buna görə də həmin sistemlərin baniləri bir çox cəhətdən inqilabi əhvali-ruhiyyəli olsalar da, onların şagirdləri həmişə mürtəce təriqətlər təşkil edirlər. Bunlar proletariatın sonrakı tarixi inkişafına baxmayaraq, öz müəllimlərinin köhnə baxışlarından bərk-bərk yapışırlar. Buna görə də onlar ardıcıl surətdə sinfi mubarizəni yenidən kütləşdirməyə və əkslikləri barışdırmağa çalışırlar. Onlar hələ də öz ictimai utopiyalarını təcrübələr yolu ilə həyata keçirmək, ayrı-ayrı falansterlər duzəltmək, daxili koloniyalar (Home-colonies) təşkil etmək, yeni Yerusəlimin kiçik nüsxəsi olan balaca İkariya[22] qurmaq kimi xəyallar bəsləyirlər, və butün bu xəyali qəsrləri tikmək üçün burjua qəlblərinin və pul kisələrinin insansevərliyinə müraciət etməyə məcbur olurlar. Tədricən bunlar yuxarıda təsvir olunmuş irticaçı və ya mühafizəkar sosialistlər sırasına düşürlər və onlardan ancaq bununla fərqlənirdilər ki, daha müntəzəm bir pedantlıq göstərir və öz ictimai elmlərinin ecazkar bir qüvvəsi olmasına fanatik etiqad bəsləyirlər.

 

Ouen öz nümunəvi kommunist cəmiyyətlərini Home-colonies (ölkə daxilində koloniyalar) adlandırırdı. Furyenin nəzərdə tutduğu ictimai saraylar falanster adlanırdı. İkariya utopik-xəyali ölkəyə deyilirdi ki, bunun da kammunist müəssisələrini Kabe təsvir etmişdi. (1890-cı il almanca nəşrinə Engelsin qeydi).

 

Məhz buna görə də onlar bu qədər qızğınlıqla fəhlələrin hər cür siyasi hərəkatı əleyhinə çıxır və belə düşünürlər ki, bu hərəkat ancaq yeni ehkama kor-korana inanmamaqdan irəli gəlir.

 

İngiltərədə ouençilər çartistlərə qarşı, Fransada furyeçilər isə reformistlərə[23] qarşı çıxırlar.

 

 

[15] 1660 1689-cu illərdə İngiltərədəki Restavrasiya deyil, 1814 1830-cu illərdə Fransadakı Restavrasiya nəzərdə tutulur. (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi.)

[16] Legitimistlər Burbonlar sülaləsini bərpa etmək tərəfdarları olan zadəgan-torpaq sahibləri partiyası idi. Gənc İngiltərə mühafizəkarlar partiyasına qoşulan ingilis aristokratlarının, siyasi xadim və ədəbiyyatçılarının 1842-ci ilə yaxın təşkil olunmuş dərnəyi idi. Onun görkəmli nümayəndələri Dizraeli, Tomas Karleyl və başqaları idi. Red.

[17] 1888-ci il ingiliscə nəşrində qızıl almaları sözündən əvvəl sənaye ağacından tökülən sözləri əlavə edilmişdir. Red.

[18] Bu, başlıca olaraq, Almaniyaya aiddir, burada torpaq aristokratiyası və yunkerlər öz torpaqlarının çox hissəsində təsərrüfatlarını öz iş müdirləri vasitəsi ilə öz hesablarına idarə edirlər və bundan əlavə, böyük şəkər və şərab zavodlarının sahibidirlər. Daha varlı olan ingilis aristokratları hələ bu dərəcəyə çatmamışlar; lakin onlar da bilirlər ki, rentanın aşağı düşməsinin əvəzini çıxarmaq üçün öz adlarını az-çox şübhəli səhmdar cəmiyyətləri düzəldənlərə necə vermək olar (1888-ci il ingiliscə nəşrinə Engelsin qeydi).

[19] 1888-ci il ingiliscə nəşrində Bu məslək sonrakı inkişafında qorxaq bir donqultuya çevrilmişdir sözləri əvəzinə belə çap edilmişdir: Ən nəhayət, qəti tarixi faktlar xülyaların həzz verən təsirinin bütün izlərini aradan qalxmağa məcbur etdikdə, sosializmin bu forması qorxaq bir donqultuya çevrilmişdir. Red.

[20] 1848-ci ildəki inqilab fırtınası bütun bu iyrənc cərəyanı aradan qaldırdı və onun nümayəndələrini sosializm adı ilə ehtikar etmək həvəsindən saldı. Bu cərəyanın başlıca nümayəndəsi və klassik tipi c-b. Karl Qründür (1890-cı il almanca nəşrinə Engelsin qeydi.)

[21] 1888-ci il ingiliscə nəşrində bu yer belə ifadə edilmişdir: Onların təklif etdikləri əməli tədbirlər, məsələn, şəhərlə kənd arasındakı fərqin məhv edilməsi. Red.

[22] Furyenin nəzərdə tutduğu sosialist koloniyaları falanster adlanırdı; Kabe öz utopik ölkəsini, sonralar isə Amerikadakı öz kommunist koloniyasını İkariya adlandırırdı. (1888 ci il ingiliscə nəşrinə Engelsin qeydi).

[23] 1843-cü ildən 1850-ci ilədək Parisdə çıxan Reforme (İslahat) qəzetinin tərəfdarlarından bəhs olunur. Red.

 





:


: 2017-01-28; !; : 392 |


:

:

, ,
==> ...

1628 - | 1540 -


© 2015-2024 lektsii.org - -

: 0.018 .